Ağ Evin yeni sözcüsü Keyti Zakariya ilk iş günündə ərini Trampla səhv saldı

Ağ Ev Keyti Zakariyanın ilk brifinqindən narazı qalıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı “MS NOW” telekanalına istinadən məlumat yayılıb. Ağ Evin nümayəndəsi telekanala açıqlamasında Ağ Evin yeni sözcüsü Keyti Zakariyanın fəaliyyətini tənqid edib.

“Tribunanın arxasında dayanmaq asan deyil. Ancaq o, işə heç də yaxşı başlamadı. O, qısa müddətdə fəaliyyətini xeyli yaxşılaşdırmalıdır, əks halda Skaramuççinin rekordunu qıracaq”, – deyə Ağ Evin nümayəndəsi bildirib.

Nümayəndə 2017-ci ilin iyulunda Ağ Evin kommunikasiya direktoru vəzifəsinə təyin edildikdən cəmi 10 gün sonra işdən çıxarılan Entoni Skaramuççiyə işarə edib.

Qeyd olunur ki, Zakariyanın ilk brifinqi 15 dəqiqədən az davam edib. O, cəmi üç suala cavab verdikdən sonra zalı tərk edib. Telekanalın diqqətə çatdırdığına görə, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levittin brifinqləri adətən 30 dəqiqədən çox davam edirdi.

Tramp oktyabrın 10-da Keyti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Onun sələfi Kerolayn Levitt ikinci övladını dünyaya gətirdikdən və ailəsi ilə daha çox vaxt keçirmək istədikdən sonra vəzifəsindən ayrılıb.

Onu da bildirək ki, Ağ Evin yeni mətbuat katibi Keyti Zakariya işinin ilk günündə həyat yoldaşını ABŞ Prezidenti Donald Trampla səhv salıb. Brifinq zamanı Zakariyadan gərgin iş qrafikini uşaqlarının tərbiyəsi ilə necə uzlaşdıracağı soruşulub. O, ailəsinin onun üçün əsas prioritet olaraq qaldığını bildirib.

“Prezidentim… Bağışlayın, ərim. Yaxşı alındı. O, zaldakıların arasında oturub”, – deyə Zakariya dilinin sürüşməsinə özü də gülüb.

Mətbuat katibinin sözlərinə görə, həyat yoldaşı Kaliforniyadan Vaşinqtona gəlib. Zakariya ailəsinin də paytaxta köçməyi planlaşdırdığını əlavə edib. Zakariya kino prodüseri Tayler Zakariya ilə evlidir. Cütlüyün üç oğlu və bir qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir