ABŞ-dan xəbərdarlıq: İran nüvə məsələsində razılaşmaya gəlməlidir

ABŞ Administrasiyasının rəhbəri Donald Tramp düşünür ki, İran Birləşmiş Ştatlarla danışıqlar prosesində iştirakını davam etdirəcək.

Azərbaycan Müjdələri bununla bağlı TASS-a istinadən xəbər verir.

“Onlar danışıqlara qatılacaqlar. Əks halda isə, daha öncə heç vaxt görmədikləri problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir anlaşma əldə edərək ölkəni bərpa edəcəklər. Ancaq bu baş verdikdə onların nüvə silahı olmayacaq, biz buna yol verməyəcəyik”, – deyə ABŞ lideri radioaparıcı Con Frederiksə müsahibəsində bildirib. Tramp, həmçinin iddia edib ki, ABŞ yaxın gələcəkdə İslam Respublikasının heç vaxt nüvə silahına malik olmamasını təmin edəcək. İslam Respublikasının nüvə proqramından danışan ABŞ prezidenti müsahibəsində – “Bu, baş verəcək və məncə, çox tezliklə olacaq”, – deyə vurğulayıb.

Qeyd edək ki, aprelin 20-də İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Vaşinqton İslam Respublikasını hədələməyə davam edərsə, Tehran danışıqlar aparmayacaq.

“ABŞ Prezidenti Donald Tramp danışıqları təslimçilik aktının imzalanmasına çevirmək istəyir. Ancaq biz daimi təhdidlər şəraitində aparılan dialoqu qəbul etmirik”, – deyə Qalibaf vurğulayıb. İran parlamentinin sədri əlavə edib ki, onun ölkəsi döyüş meydanında yeni güclər nisbətini nümayiş etdirməyə hazırdır. Onun sözlərinə görə, bununla bağlı hazırlıqlar son iki həftə ərzində həyata keçirilir.

Yada salaq ki, 2026-cı il aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Tehrana verdiyi ultimatumun başa çatmasına bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə anlaşdığını elan edib. ABŞ prezidenti “Truth Social” şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi ilə, həmçinin Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə atəşkəsə razılıq verib. Trampın sözlərinə görə, ABŞ İrandan sülh razılaşmasının əsasını təşkil edə biləcək on tələb alıb.

Ağ Ev rəhbərinin Tehranla müqavilə bağlamaq üçün müəyyən etdiyi son müddət aprelin 8-də Bakı vaxtı ilə saat 4:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İranın elektrik stansiyalarına, enerji infrastrukturuna və körpülərə zərbələr endirəcəyini vəd edərək, ölkəni “daş dövrünə” qaytaracağı və ona “cəhənnəmi yaşadacağı” ilə hədələyib.

Tehran isə buna cavab olaraq xəbərdarlıq edib ki, İranın cavab zərbələri nəticəsində bütün region və Səudiyyə Ərəbistanı tam qaranlığa qərq olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəsə razılığını təsdiqləyib. Bununla bağlı bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçı yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir