AB Ukraynaya 90 milyard yardımı və Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Avropa Birliyi Şurası nazirlik səviyyəsində Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində maliyyələşdirilməsi prosedurunun və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin icrasını başa çatdırıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Avropa Birliyi Şurasının Prezidenti Antoniu Koşta sosial şəbəkə hesabında paylaşım edib.

“Verdiyimiz sözü yerinə yetirdik. Bu gün biz hər iki yöndə irəliləyiş əldə etdik. Ukraynanın 2026-2027-ci illər üçün hərbi və büdcə ehtiyaclarını təmin edərək 90 milyard avronu onların sərəncama verdik. Rusiyaya qarşı 20-ci sanksiyalar paketini də təsdiq etdik”, – deyə Koşta bildirib.

Yeni sanksiyalar paketi Rusiyanı Kiyev üçün məqbul şərtlərlə danışıqlara sövq etməyə yönəlib. Məhdudiyyətlər energetika, maliyyə xidmətləri, ticarət, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yan keçməyə qarşı xüsusi mexanizm aktivləşdirilib.

Paket çərçivəsində Rusiyanın energetika sektorunda fəaliyyət göstərən 36 şirkətə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Avropa Birliyi (AB) həmçinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi əlavə edilib və onların toplam sayı 632-yə çatıb.

Bundan başqa, AB-dən Rusiyaya tanker satışına qadağa qoyulub. Rusiyanın Murmansk və Tuapse limanları, həmçinin İndoneziyadakı “Karimun” neft terminalı da sanksiya siyahısına salınıb.

AB Rusiyanın 20 bankı ilə əməliyyatları qadağan edərək, məhdudiyyət qoyulan maliyyə institutlarının toplam sayını 70-ə çatdırıb. Həmçinin üçüncü ölkələrdə sanksiyalardan yan keçməyə yardım edən banklara qarşı tədbirlər görülüb.

İlk dəfə olaraq Rusiya kriptoxidmətləri, o cümlədən mərkəzləşdirilməmiş platformalarla əməliyyatlara tam qadağa qoyulub. Məhdudiyyətlər “rəqəmsal rubl” layihəsi də daxil olmaqla, bütün rəqəmsal maliyyə alətlərinə şamil edilir.

Paketə dəyəri 365 milyon avrodan çox olan mallara yeni ixrac məhdudiyyətləri, habelə 530 milyon avrodan çox olan idxal qadağaları daxildir. PUA istehsalı da daxil olmaqla, hərbi məhsulların buraxılışında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxs sanksiyalara məruz qalıb. Siyahıya Çin, BƏƏ və Qazaxıstan kimi üçüncü ölkələrdən olan tədarükçülər də əlavə edilib.

AB ilk dəfə olaraq Qırğızıstanı sanksiyalı malların sistematik şəkildə Rusiyaya təkrar ixracında ittiham edərək, ona qarşı sanksiyalardan yan keçməyə qarşı mexanizmi aktivləşdirib.

Toplamda yeni paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onların aktivləri dondurulub, fiziki şəxslərin isə AB-yə girişi qadağan edilib. Həmçinin Rusiya dövlətinin AB-də elmi-tədqiqat layihələrini maliyyələşdirməsinə qadağa qoyulub. Paketin bəzi müddəaları ticarət və xidmət sahələrində Belarusa da şamil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir