Sərdar Ortaç: Baloğlan Əşrəfov kimi sənətçilərin yanında mən heç kiməm

“Baloğlan Əşrəfov konsertimdə ön sırada oturmuşdu. Sözün əsl anlamında o vaxt çox sevinmişdim. Daha sonra eşitdim ki, xəstələnib. Çox şükür Allaha ki, indi yaxşıdır. Baloğlan kimi sənətkarlardan məncə çox azdır. O həqiqi sənət göstərir. Onun kimi sənətçilərin yanında mən heç kiməm”.

Azərbaycan Müjdələri bildirir ki, bu sözləri Türkiyəli müğənni Sərdar Ortaç Milli.az-a müsahibəsi zamanı azərbaycanlı tanınmışlarla bağlı danışarkən deyib.

Sərdar Ortac B.Əşrəfovdan başqa yerli ulduzları da tanıdığını söyləyib

“Gənc olanda hamısını dinləyirdim, indi bir çoxu yaşa dolub. Baloğlan Əşrəfovun “Nədəndir” mahnısını dinləyəndən sonra onu oxumaq istədim. “Pərişan bir eşqi hara apardın?” adlı bir mahnınızı da əzbərdən bilirəm. Ancaq kimin oxuduğu yadımda qalmayıb. Sizin pop starı Aygün Kazımovanı da tanıyıram. Yeni oxuyanlardan o qədər də yadda qalanları yoxdur. Elsevərin “Dəstəyi qoyma yeri” mahnısı isə Türkiyədə çox sevilir. Bu adlarını çəkdiyim məşhurların hamısını tanıyıram”.

Sərdar bəy, bir az öncə Bakıda konsert verdiniz. Bu paytaxtımıza neçənci gəlişiniz idi?

– Vallah artıq sayını itirmişəm, mənə elə gəlir ki, 5-6-cı dəfədir ki, Bakıda qonaq oluram.

– Hər gəlişinizdə Bakıda nələrin dəyişdiyinin şahidi olursunuz?

– Bakını Amerika ilə qarşılaşdıra bilərəm. Yolları çox gözəl, insanları istiqanlı. İnsanlar bir-birinə sayğı və hörmət göstərirlər. Bir sözlə, Bakıda sözün əsl anlamında “insan” kimi yaşayırlar. Halal olsun! Mən heç vaxt düşünməzdim ki, 10 ilə Bakı bu qədər dəyişəcək!

– Sizin Azərbaycanda sevənləriniz yetərincədir.

– Azərbaycan uzaqda olsa da, bizim qardaş ölkəmizdir. Sabah bir şey olsa, biz həmişəki kimi bir-birimizin yanında olacağıq. Hə, xəbərim var ki, mənim mahnılarımı çox sevirsiniz. Bu bir müğənni kimi məni yalnız sevindirə bilər.

– Şou-biznesimizi yaxından izləyirsiniz?

– Nə sizin maqazin dünyasını, nə də öz maqazinimizi izləmirəm. Çünki o aləmin içindəyəm. Ancaq bilirəm ki, maqazin dünyası hamıya maraqlıdır. Bizdə sizə nisbətən bu sahə daha çox inkişaf edib.

– Kameralara yaxalanarkən qaçan məşhurlardansınız?

– Yox, mən heç vaxt kameralardan qaçmamışam. Mən hər kəslə oturub danışıram. Ancaq başqa tanınmışlar bundan qaçır.

– Uğur əldə etmək üçün müğənniyə nələr gərəkdir?

– Bu Allahın qisməti ilə bağlıdır. Qismətdən sonra gələnlər artıq insanın öz əlindədir. Hər kəs ilə səmimi olmalısan, kiməsə yuxarıdan aşağı baxmamalısan. Bunlar olmadığı halda sənin uğurların da itib-batacaq.

– Sizin bəstələrinizi bir çox tanınmışlar oxuyub. Sonuncu dəfə kimin üçün mahnı yazmısınız?

– Mən demək olar ki, hər gün mahnı yazıram. Sonuncu dəfə Ajda Pekkan, Demet Akalın üçün mahnı yazmışam.

– Bəstələriniz həmin tanınmışlara uğur gətirəndə qısqanclığınız olur?

– Yox, heç vaxt! Mən tam başqa xasiyyətli insanam. Onları heç vaxt qısqanmıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir