Gənclər və İdeya-Siyasi Tərbiyə

Azərbaycanda təhsil sahəsində dövlət siyasəti təhsilin demokratik, dünyəvi prinsiplər əsasında inkişafına hesablan­mış­dır. Bu, özünü təhsilin mühüm və ən əsas qolundan biri olan ali orta təhsil sisteminin inkişafında da göstərir.

Bu gün respublikamızda təhsil sisteminin yenidən qu­rulması, sivil ölkələrin təhsil sisteminə inteqrasiyası və dünya təhsil sisteminə qovuşması üçün məqsədyönlü işlər görülür. Milli təhsilimizdə aparılan genişmiqyaslı islahatların məqsədi təlimin keyfiyyətinin və tədrisin səmərəliliyinin kökündən yaxşılaşdırılmasına xidmət edir. Çünki bu günün  gənclərinin savadlı, bilikli olması Vətənin parlaq gələcəyi de­məkdir.

Müstəqillik qazandığımız dövrdən başlayaraq təhsil ölkəmizin ən əhəmiyyətli və önəmli sahəsi olaraq qalmaqdadır. Bu gün Respublikamızda Təhsil İslahatı böyük ruh yüksəkliyi ilə həyata keçirilir. Bu islahatlardan irəli gələn vəzifələrin icrası Ali və ali orta təhsil müəssisələrində  pedaqoqların işgüzarlığının daha da artırılmasına səbəb olmuşdur. Məqsəd Azərbaycan təhsilinin gözəl ənənələrinin daşıyıcıları olacaq savadlı, vətənini və dövlətini sevən, onun uğrunda yaşayıb-yaratmağa can atan  kadrlar hazırlamaqdır. Bu işdə gənclərin ideya-siyasi tərbiyəsi də böyük önəm daşıyır.

Bu gün Ali təhsil ocaqları, həmçinin kolleclərin işi bəzən kütləvi informasiya vasitələri tərəfindən tənqidlərə məruz qalır. Sanki, bu müəssisələrdə ümumi mənzərə çoz acınacaqlıdır və onların gördüyü işlər yalnız tənqidə layiq görülməlidir. Bu, doğrudan da belədirmi? Əgər bu həqiqətən belə deyilsə, onda təhsil ocaqlarında tədris və təlim-tərbiyə işi hansı dərəcədə müasir dövrlə ayaqlaşır?

Sullarımızı Gəncə Dövlət Regional Kollecin direktoru, kimya elmləri namizədi Fəxrəddin Zeynalov cavablandırır.

 

R.Z – Fəxrəddin müəllim, rəhbərlik etdiyiniz kollecdə gənclərin ideya-siyasi tərbiyəsi hansı səviyyədədir? Ümumiyyətlə, bu tərbiyə hansı ideoloji sahə və işlərdən qaynaqlanmalıdır?

F.Z.–Gənclərimizin ideya-siyasi tərbiyəsi tarixi keçmişimizdən, milli qürurumuzdan qaynaqlanmalıdır. Ən əsas qürur yerimiz isə müstəqilliyimiz, milli dirçəlişimizdir. Ölkəmiz müstəqillik əldə etdiyi vaxtdan üzü bəri Azərbaycanda təhsilə, elmə böyük diqqət olmuş, bu sahədə böyük dirçəliş baş vermişdir. Bu gün Azərbaycanın sosial-iqtisadi həyatında nəzərə çarpacaq irəliləyişlər hiss olunur. Milli təhsilimiz də bu inkişaf müstəvisində ən önəmli yerlərdən birini tutur.

Bu gün doğma Azərbaycanımız qüdrətlənir, təhsilin sə­viyyəsi də ilbəil artır, demokratik prinsiplər möhkəmlənir. Ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən köklü islahatların nəticəsində böyük uğurlara imza atılmışdır. Bu, təhsil işçilərini daha da yaxşı işləməyə, təhsilin, tədrisin keyfiyyətinin yüksəldilməsinə, təhsillə bağlı dövlət proqramlarından, norma­tiv sənədlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi isti­qamətində fəaliyyətini daha da artırmağa ruhlandırmışdır.

Dövlətimiz təhsili və təhsil sistemini ölkəmizin in­kişafının ən önəmli – prioritet istiqamətlərindən biri kimi hə­mişə diqqət mərkəzində saxlayır. Görülən bu işlər dövlətimizin milli təhsilimizin inkişafına yönəldilən təhsil siya­sətinin uğurla həyata keçirilməsinə bir daha əyani sübutdur. Biz, təhsil işçiləri dövlət başçımızın təhsilə göstərdiyi bu qay­ğıdan sevinir və bizə yaratdığı bu gözəl şəraitə görə ona öz də­rin minnətdarlığımızı bildiririk. Bu, həm də bizi daha böyük nai­liyyətlərə ruhlandırıb, Gəncə Dövlət Regional Kollecin müəllim-pedaqoq he­yətini təhsilimizi ən uca zirvələrdə görməyə can atan işgü­zarlığını daha da artırıb.

Kollecdə gənclərin ideya-siyasi tərbiyəsi ilə bağlı işlər təşkilati-idarəetmə fəaliyyəti, metodiki təminat və nəzarət prisipləri ilə həyata keçirilir. Təlim-tərbiyə işi kollecin ümumi iş planına uyğun şəkildə planlaşdırılır. Tələbələrin düşdüyü yeni şəraitə uyğunlaşması, Vətəninə və Dövlətinə məhəbbət hissinin tərbiyə edilməsi, təhsil aldığı ixtisasın əsaslarına yiyələnməyə məsuliyyətlə yanaşma, tələbələrin təlim, tədris və tərbiyəsinin səviyyəsinin artırılması, bu, kompleks iş planının tərkib hissəsi olaraq həmişə qalır. Dövlətçilik ideologiyası əsasında tələbələrin vətəndaş-vətənpərvər tərbiyəsinin daha da təkmilləşdirilməsi, sosial fəal şəxsiyyətin formalaşdırılması, onlarda sağlam həyat tərzinin tərbiyə edilməsi, tələbələrin boş və asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi, tələbə təşkilatı ilə bağlı nəzərdə tutulan bütün işlər kollecdə ideoloji və tərbiyəvi işlərin təşkilində prioritet istiqamətlərdir.

            R.Z.- Sadaladığınız bütün bu işlərin icrasına nəzarət prinsipləri mövcuddurmu? Bu nəzarət məhz kimlər tərəfindən həyata keçirilməlidir?

             F.Z.- Kollecimizdə sadalanan bu sahələr konkret şəxslərə-nəzarətçii müəllimlərə tapşırılmışdır və bu işlər daim kollecin rəhbərliyinin sıx nəzarəti altında həyata keçirilir. Onların iş prinsipləri tərbiyəvi və təşkilati işlərin müxtəlif növlərinin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır. Şəxsiyyətin sosial inkişafında pedaqoji köməklik və dəstək, tələbələrin qanuni maraqlarının və hüquqlarının qorunması, onlarda vətəndaş mövqeyinin formalaşdırılması yolunda atılan addımlar, tələbə təşkilatının işinin təşkili və s. məsələlərdə verilən dəstək kollecin ümumi işinin daha da keyfiyyətlə görülməsində böyük rol oynayıb. Tələbələrlə istər fərdi, istərsə də ümumi işlər ideoloji işin daha səmərəli qurulmasına xidmət etməlidir.Əgər bu prinsiplərə riayət edilsə, təhsil müəssisələrində  lazımi atmosfer və gözəl kollektiv yaratmaq mümkündür. Bu işdə pedaqoji işçilərin dövlətimizin təhsil siyasəti və ideologiyası üzrə məsələlər haqqında məlumatlılığı da az rol oynamır. Kollecdə ideoloji və ideya-tərbiyəvi işlərdə müəllim və tələbələrin birgə fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbə təşkilatının inkişafına, gənclərin təşəbbüskarlığının daha da artırılmasına yol açır.

        R.Z.- Yeni cəmiyyətlərin həmişə yeni ideologiyalara ehtiyacı olur.Bu gün gənclərin vətənpərvərlik tərbiyəsi ideoloji işin ən vacib vəzifələrindən biri olaraq qalır. Kollecdə gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı vəziyyət nə yerdədir? Bu gün kollec öz vətənpərvərləri ilə fəxr edə bilərmi?

            F.Z.-Gənclərin vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu təhsil ocağında ideya-tərbiyəvi işin başlıca istiqamətlərindən biridir. Bu məqsədə çatmaq üçün pedaqoji kollektiv mövcud olan bütün metod və vasitələrdən səmərəli istifadə etmişdir. Aydın məsələdir ki, bütün bu işlər müasir şərait nəzərə alınmaqla həyata keçirilir. Bunun üçün kollektivin illik tədbirlər planı vardır ki, görüləcək işlər, hətta forma və məzmunu belə, bu planda öz əksini tapır. İdeoloji dəyərlərin formalaşdırılması sistematik halda, məqsədyönlü şəkildə həyata keçirilir. Təlim-tərbiyə işi məqsədyönlülük, səbr tələb edən bir işdir. Vətənpərvərlik hissləri tarixi, milli-mənəvi əsaslara və dünyagörüşə əsaslanmalıdır. Bu, hər şeydən əvvəl öz xalqına və vətəninə olan məhəbbətdir. Əgər bu məhəbbət gənclərdə formalaşıbsa, onda bu hissləri alovlandırmaq mümkündür. Bizim təhsil ocağında bu sahədə böyük işlərə imza atılıb. Əsl vətənpərvər, savadlı gənclər yetişdirmək-pedaqoqların apardığı ideoloji işin əsas qayəsi budur.

Yüksək vətənpərvərlik hissləri həmişə insanı daha böyük hisslərə səsləyir. Bu hisslər insanı öz dövlətinə və xalqına daha sıx bağlayır. Belə bir dünyagörüş insana güc, iradə, mərdlik bəxş edir və borc, şərəf, vicdan, vətəninə təmənnasız xidmət kimi hisslərə və ideallara arxalanır.

Vətənpərvərlik-sağlam düşüncə və təmiz qəlbə malik insanlarda ən ali bir hissdir, Açıq qəlbli və  səxavətli olmaq, vətənini canından artıq sanmaq, tolerantlıq, həqiqəti və ədaləti sevmək – bu, bizim xalqa xas olan cizgilər və keyfiyyətlərdir. Vətənpərvər insanlar da bu keyfiyyətləri özündə daşıyan insanlardır.

Günümüzün gəncləri ilə ideoloji iş bu sahədə ən çətin istiqamətlərdən biridir. Bu gün gənclərlə iş apararkən onlara sistemli şəkildə yanaşmaq lazım olduğunu heç vaxt yaddan çıxarmaq olmaz.Bu səbəbdən Dövlətimizin Gənclər siyasəti bu gün ən prioritet istiqamətlərdən biri  kimi qalmaqdadır. Bizim bu sahədə gördüyümüz işlər gənclərin əmək, yaradıcılıq və intellektual potensialının tam üzə çıxarılıb reallaşması üçün lazımi şəraitin yaradılmasına xidmət etməlidir. Biz də dövlətimizin qarşımıza qoyduğu bu şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

            R.Z.-Təhsil alan gənclərin ideya-siyasi, mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində pedaqoji işin mahiyyətini nədə görürsünüz? Bu işdə kollecin müəllim heyətinin vəzifələri məhz nədən ibarət olmalıdır?

            F.Z.- Pedaqoji kollektivin işinin mahiyyəti ilk növbədə pedaqoqun xarakterinin təşkilində, onun davranışının təşkilində özünü biruzə verir. Hər bir müəllim və pedaqoq çalışdığı kollektivin bir üzvü və tərkib hissəsidir. Və bununla yanaşı, hər bir şəxsin ideya-əxlaqi kamilliyi də yalnız düzgün təşkil edilmiş kollektiv şəraitində mümkündür. Buna görə də hər bir müəllim daim öz əməyinin, savadının, eyni zamanda dünyagörüşü və xarakterinin təkmilləşdirilməsi qayğısına qalmağa borcludur. A.S.Makarenkonun dili ilə desək, “Ayrıca şəxsiyyəti tərbiyə edərkən biz bütövlükdə kollektivin tərbiyəsi haqqında düşünməliyik!” Əgər müəllim və tələbələr arasında qarşılıqlı münasibət düzgün qurulmuşsa, onda yuxarıda sadalanan vəzifələrin həyata keçirilməsi də çətin olmayacaqdır.

           R.Z.-Yəni, bu tərbiyəni aşılayan kollektiv üzvləri öz tələbələri üçün bir nümunə obyekti olmalıdır?

            F.Z.- Bəli. Mütəxəssislərin hazırlanması üzrə təhsil sistemi tələbələrdə bacarıqların inkişafını təmin edən geniş vasitələrə malik olmalıdır. Bu təsir vasitələrindən biri də müəllim və pedaqoqların göstərə biləcəyi şəxsi nümunəsi və düzgün qurulmuş münasibətlər toplusudur. Bu zaman tələbə onların ətrafında baş verən hər şeyi, hətta, qarşılıqlı münasibət üsullarını da bir norma kimi, həmçinin fərdin şəxsi seçimi kimi qəbul edir. Bu münasibətlər gələcək mütəxəssislərdə insan, təhsil. peşə, həqiqət kimi dəyərlər sistemini formalaşdırır.Tədris məşğələlərində pedaqoji işin daha səmərəli qurulmasında bu amillərin də rolu və əhəmiyyəti böyükdür. Təsəvvür edin, öz müəlliminə hörmət etməyən, onun bacarığı və qabiliyyətinə hörmətlə yanaşmayan, ümumiyyətlə, müəlliminə inanmayan tələbə onun tədris etdiyi fənnə də barmaqarası yanaşacaq. Bu da öz növbəsində tələbələrin hazırlığı səviyyəsinin aşağı olmasına gətirib çıxaracaqdır. Bu, təhsil ocağında digər sahələrdə-kollecin ictimai işlərində, vətənpərvərlik, ideya-siyasi, mənəvi-əxlaqi tərbiyədə boşluqlara gətirib çıxara bilər. Son illər aparılan işlər kollecimizdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin çoxalması ilə nəticələnmişdir. Tədrisə, təlim-tərbiyəyə düzgün münasibət, həmçinin, tələbə və müəllimlərin ictimai maraqlarının təmin edilməsində böyük köməkçi olmuşdur.

Müəllim tədris zamanı tələbələrin elmi dünyagörüşünün artırılmasına böyük diqqət yetirməlidir. Bu, tədris prosesinin təşkili prosesində ən əsas tələblərdən biridir.  Müəllimə olan hörmət, eyni zamanda,onlar arsında yaranan qarşılıqlı isti münasibət yalnız tədrisin, təlim-tərbiyənin keyfiyyətinin səviyyəsindən xəbər verir.

R.Z.- Demək, müəllimin kollektivdə hörməti həm də onun şəxsi keyfiyyətlərindən, onun pedaqoji hazırlığı və pedaqoji ustalığından çox asılıdır.

           F.Z.- Müəllim əməyi şərəfli və yaradıcı əmək olmaqla, həm də mürəkkəb bir əməkdir. Bu mürəkkəblik isə ilk növbədə onun əməyinin məzmununda ifadə olunur. O, tələbələrə peşə ustalığının əsaslarını öyrədir, onların bu sahədə biliklərini zənginləşdirmək üzrə müntəzəm və fəal iş aparır, çalışdığı təhsil ocağında bütün kütləvi, elmi, siyasi tədbirlərin fəal iştirakçısı və ya icraçısı olur. Müəllim eyni zamanda ictimaiətçidir, vətənpərvərdir, ziyalıdır, dövlətinə və xalqına sədaqətli bir vətəndaşdır. Bununla yanaşı o, özünün elmi biliklərinin artırılması, təkmilləşdirilməsi qayğısına qalmalı, tədris prosesinin elmi, ideya-nəzəri səviyyəsini yüksəltməli, öz dünyagörüş, bilik və bacarığının səviyyəsini genişləndirməlidir. Bu gün müəllimlərin göstərdiyi şəxsi nümunə, onların cəmiyyətdəki rolunu, onların işinin əhəmiyyətini daha dürüst şəkildə əks etdirir və ifadə edir. Müəllimlərimizin böyük əksəriyyətində bu gözəl keyfiyyətlərin olması, şübhəsiz ki, çox yaxşı və fərəhli haldır. Onlar digər pedaqoji kadrlara bir nümunə və örnəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir