Biz bu işin öhdəsindən layiqincə gələcəyik…

Mujde.az Yeni tədris ilinin başlanması ilə əlaqədar orta ümumtəhsil məktəblərində bir canlanma müşahidə olunmaqdadır. Təhsil, tədris işi ilə bağlı, şagirdlərin rahat təhsil almaları üçün əməli işlər görülür, bu işdə böyük səy göstərilir. Təhsil ocaqlarının rəhbərləri bu işə qüvvə və bacarıqlarını əsirgəmirlər. Bu sahədə gərgin iş aparılır.
Günün yaratdığı tələbat və təhsilin ortaya qoyduğu tələblər də böyükdür. Bu tələblərin həlli qarşıya təhsil sisteminin yenilikləri ilə ayaqlaşmaq, təhsil ocaqlarının maddi-texniki bazasını gücləndirmək, təhsilin, təlim-tərbiyənin səviyyəsini yüksəltmək kimi vəzifələr qoyur. Bu, təhsilin, tədrisin keyfiyyətinin yüksəldilməsində böyük önəm daşıyan amillərdir.
Gəncə şəhər İdman liseyi İnternat Tipli Futbol Gimnaziyasının birbaşa vərəsəsidir. Bu il liseyin iş istiqamətində müəyyən dəyişikliklər edilmişdir. Liseydə idmanın inkişafına daha da təkan verəcək böyük işlərin həyata keçiriləcəyi gözlənilir.
Bununla bizi maraqlandıran suallarla liseyin direktoru Mehman Allahverdiyevlə görüşüb söhbətləşdik.
R.Z.-Mehman müəllim, hal-hazırda İdman liseyində hansı dəyişikliklər mövcuddur? Bu dəyişikliklər gələcəkdə idmanın inkişafına hansı töhfələr verəcəkdir?

M.A.- Hal-hazırda İnternat Tipli Futbol Gimnaziyası Təhsil Nazirliyinin 522 nömrəli əmri ilə Gəncə İdman Liseyi adlanır. Gimnaziya, adından göründüyü kimi təyinatlı idi. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün lazımi nəticələrin əldə edilməsinin üsul və yolları planlaşdırılmış və biz bu əsas məqsədlərə çatmaq uğrunda səylə çalışmışıq. Lakin gimnaziya və liseylərin iş prinsipində bəzi fərqlər mövcuddur. Biz tək idmanın futbol növü ilə deyil, digər idman növlərinə olan marağı da nəzərə alaraq, bu strukturda bəzi dəyişikliklərin həyata keçirilməsini də nəzərə almışıq.Əvvəllər də idmanın başqa növlərinə marağı olan şagirdlər digər idman məktəblərində məşqlərə cəlb olunurdu. İndi futbol dərsləri futbol məşğələləri ilə əvəz olunacaq, əsas tədrisdən çıxaraq məşğələ formasında aparılacaqdır. Bundan başqa Yunan-Roma güləşi üzrə məşğələlər də tədrisə əlavə olunmuşdur. Gələcəkdə şagirdlərin idmanın başqa növlərinə marağının təmin edilməsi də ön planda olaraq qalmaqdadır. Bu sahədə gələcəkdə məqsədyönlü işlər görüləcəkdir.

R.Z.- Liseydə nəzərdə tutulan məqsədlərin həlli üçün hansı şərait vardır?

M.A.- İdmançı şagirdlərlə istedadlı məşqçi və müəllim heyəti məşğuldur. Liseyin idman zalı və futbol meydançası onların istifadəsindədir. Gördüyümüz bütün işlər onların idman keyfiyyətlərinin formalaşdırılmasına və inkişafına istiqamətləndirilmişdir. Liseydə güclü tədris, maddi-texniki baza vardır, təlim-tərbiyə və tədris prosesi yüksək səviyyədə təşkil olunmuşdur. Texniki informasiya təhcizatı güclüdür.
Bundan əlavə liseyin müasir standartlara cavab verən yeməkxanası vardır. Burada gündə 3 dəfə yemək verilir.Yeməklər kolorili, milli mətbəximizə uyğun çeşidlərdən ibarətdir.
Liseyin hər cür şəraitə mailk yataqxanası vardır. Uzaq rayonlardan gimnaziyaya təhsil almağa gəlmiş oğlan və qızlar yataqxanada əvvəllər də yerlə təmin olunublar. Yeni tədris ilinə qədər burada təmir işləri aparılmış, yataqxana müasir yataq dəstləri ilə təchiz olunmuşdur.

R.Z.- Yəqin ki, lisey adını qazandıqdan sonra bu təhsil ocağına qəbul qaydaları da dəyişəcəkdir.

M.A.- İbtidai siniflərdə dərslər olduğu kimi davam etdirilir. Liseyə qəbul 5-ci sinifdən başlayaraq məktəbdaxili qabiliyyət imtahanı vasiləsilə həyata keçirilir. Qabiliyyət imtahanından uğurla keçmiş uşaqlar idmanın futbol və güləş növünə yönəldilir. Əvvəllər isə bu müəssisə internat tipli olduğu üçün hər bir şagird bura qəbul oluna bilərdi. Gələcəkdə liseydə əsaslı təmir və tikinti işlərindən sonra burda idmanın digər növləri də tədris olunacaqdır. Gələcəkdə bu sahədə gözləntilərimiz çoxdur.

R.Z.- Siz əvvəllər də zəif idman göstəricilərinə mailk şagirdlər ilə rastlaşmısınız.Liseyə gələcəkdə daha perspektivli şagirdlərin qəbulu üzrə hansı addımlar atmaq fikrindəsiniz?

M.A.- Əvvəllər təmayül üzrə perspektivli hesab edilməyən şagirdlər fənn müəlliminin təqdimatına əsasən, pedaqoji şuranın qərarı ilə gimnaziyadan xaric edilir və onlar təhsillərini davam etdirmək üçün digər orta məktəblərə göndərilirdilər. Lakin bu tədris ilindən başlayaraq, qabiliyyət imtahanına üstünlük veriləcəkdir. Biz idmanın futbol və güləş növünə müəyyən həvəsi və bacarığı olan uşaqları lazımi səmtə yönəltməyə çalışacağıq. Bu işlər fiziki cəhətcə sağlam və perspektivli gənclərin yetişdirilməsi uğrunda tədbirlərin bir-birini tamamlaması istiqamətində qurulur. Başçılıq etdiyim İdman Liseyinin işində böyük dəyişikliklər etməyə müvəffəq olmuşuq, çoxlu güclü idmançılar yetirmişik. Bu qısa müddətdə uğurlarımız çox olub. Son uğurlarımız isə Məktəblərdə Futbol dərsi layihəsinin qalibi olaraq I yerə layiq görülməyimizdir. Bundan da böyük uğurlarımız hələ çox olacaqdır. Həyata keçirdiyimiz işlər bunu bizə səmimiyyətlə deməyə imkan verir.
Yaxın keçmişdə Futbol Təmayüllü Gimnaziya adlandırılan bu gün isə artıq İdman Liseyinə çevrilmiş bu tədris ocağında uşaqlarda idmana fəal maraq yaradılır. Onlarda olan bu maraq düzgün səmtə yönəldilir, bu həvəs günü-gündən daha da inkişaf etdirilir. İdman Liseyində müəllim və məşqçi heyətinin vəzifəsi idmanın gözəl dünyasına qoşulmaqda və nəyin həqiqətən də yaxşı və gözəl olmasını, necə bir həyatı yaşamağı öyrənmək və başa düşməkdə uşaqlara köməkçi olmaqdır. Biz bu işin öhdəsindən layiqincə gələcəyik….
Ruhulla Zahidov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir